Bu il mayın 29-dan iyunun 4-nə qədər Azərbaycan paytaxtındakı Bakı Kristal Zalında taekvondo üzrə dünya çempionatı keçiriləcək. Arena.az xəbər verir ki, bu gün mundial ərəfəsində növbəti mətbuat konfransı baş tutub.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında görülən işlərlə bağlı ətraflı məlumat verib.
Tədbirdə dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı açıqlanıb. Ən son məlumata görə, 145 ölkədən 933 idmançı qeydiyyatdan keçərək, öz iştiraklarını təsdiqləyiblər.
Maraq üçün xatırladaq ki, 2022-ci ildə Meksikada baş tutan sonuncu dünya çempionatında 120-dən çox ölkədən 756 idmançı qeydiyyatdan keçmişdi.
Yarışla bağlı Azərbaycana 2000-ə qədər qonağın gəlişi nəzərdə tutulur.
Dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaqlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcək. Bu üzdən sözügedən qurumun yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Odlar diyarı mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci ölkə kimi tarixə düşəcək.
Xatırladaq ki, bir həftə davam edəcək və Bakı Kristal Zalında baş tutacaq bu yarışları izləmək üçün bilet tələb olunmur. Zala girişin sərbəst olacağı açıqlanıb.