Taekvondo yığmamızın baş məqşçisi istefaya göndərildi

Taekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq. Yığma müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin baş məşqçilərinə həvalə edilib.

Belə ki, Krakov-2023-də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayev və Rəşad Məmmədov əvəzləyəcəklər.

Qadınlardan ibarət yığma isə Avropa Oyunlarında dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaqlar.

Azərbaycan 3-cü Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Krakov-2023-də Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.

Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakimi kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.

Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları 23-26 iyul aralığında keçiriləcək.

Xatırladaq ki, millimizin baş məşqçisi Reza Mehmandostun hələ xeyli müddət əvvəl də postundan uzaqlaşdırıldığı barədə xəbərlər yayılmışdı. Lakin sonradan federasiya rəhbərliyi onun işini davam etdirməsinə qərar vermişdi. Bir müddət əvvəl Bakıda baş tutan dünya çempionatında taekvondoçularımızın fiaskoyla üzləşməsi federasiya rəhbərliyinin də sərt qərarlar qəbul etməsinə səbəb olub.