Taekvondo yığmamızın daha 3 üzvünün DÇ-də ilk rəqibi bəlli oldu

Bakı Kristal Zalında keçirilən taekvondo üzrə dünya çempionatının üçüncü günündə daha 3 dəst medal sahibini tapacaq.

Arena.az xəbər verir ki, mayın 31-də kişi taekvondoçular arasında 80 və 87 kq, qadınlarda isə 49 kq çəki dərəcəsində mübarizə baş tutacaq.

Bu gün sözügedən çəki dərəcələri üzrə püşkatma mərasimi olub. Püşkə əsasən Azərbaycan millisinin üç üzvünün də ilk rəqibləri müəyyənləşib.

Millimizin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı keçirəcək.

87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.

Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibini sınağa çəkəcək.

Mayın 31-də də döyüşlər saat 9:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycanın indiyə qədər mübarizəyə qoşulmuş taekvondoçularından üçünün çıxışı uğursuz alınıb. İlk gündə Cavad Ağayev (68 kq) 1/16 finalda mübarizəni dayandırmışdı. Bu gün isə 58 kq çəkidə dayanq üzərinə çıxan Qaşım Maqomedov 1/32 finalda Kay Çenqə (Çin), Fəridə Əzizova (67 kq) da 1/16 finalda Kristina Teaçota (ABŞ) uduzub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovadan (67 kq) ibarət heyətlə qatılıb.