Tahir Gözəl Avroliqanın 1/8 finalının püşkatma mərasimində

“Qarabağ”ın prezidenti Tahir Gözəl futbol üzrə Avropa Liqasının 1/8 mərhələsinin püşkatma mərasimində iştirak etmək üçün İsveçrəyə yollanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbəri İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə iştirak edir. Tahir Gözəl ilə yanaşı Ağdam klubunun daha üç rəsmisi səfərə yollanıb.

Xatırladaq ki, ötən gecə Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdıran “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

Avropa Liqasının 1/8 mərhələsinin oyunları martın 7-də və 14-də keçiriləcək.