Tahir Gözəl: “Bu, böyük qürur və gələcək oyunlar üçün ümid verir”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa miqyaslı turnirlərə uğurlu start münasibətilə Azərbaycan komandalarını təbrik edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinə açıqlama verən Tahir Gözəl təmsilçilərimizə növbəti mərhələdə uğurlar arzulayıb:

“Azərbaycan klublarının yeni start götürən avrokubok mövsümündə göstərdiyi peformans futbol ictimaiyyəti olaraq hamımızı sevindirir. Komandam “Qarabağ”ın Çempionlar Liqasına inamlı başlaması, rəqibini iki oyunun nəticəsinə görə böyük hesabla məğlub etməsi, “Zirə” və “Sabah” klublarının Avropa Konfrans Liqasında növbəti mərhələyə adlaması bizə böyük qürur və gələcək oyunlar üçün ümid verir. Avropa arenasında qazanılan hər bir qələbə, keçilən hər bir mərhələ Azərbaycan futbolu adına irəliyə doğru atılmış bir addımdır. Bu, həm Avropada klub reytinqimizin yüksəlməsinə, həm də Azərbaycan klublarının tanınmasına və inkişafına birbaşa təsir edir.

Bu uğurların arxasında duran klub rəhbərliklərini, məşqçilərimizi, futbolçularımızı, klub əməkdaşlarımızı və azarkeşlərimizi ürəkdən təbrik edirəm. Növbəti mərhələdə “Qarabağ”la yanaşı, “Zirə” və “Sabah”a uğurlar arzulayıram. Azərbaycan futbolsevərlərini klublarımızın yanında olmağa və onları dəstəkləməyə çağırıram”.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”dan üstün olub – səfərdə 2:0, evdə 5:0. Ağdam klubunu 3-cü təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “Ludoqorets”lə görüşlər gözləyir.

“Sabah” Avropa Konfrans Liqasının 2-ci raundunda İsrailin “Makkabi” (Hayfa) komandasını mübarizədən kənarlaşdırıb – səfərdə 3:0, evdə 3:6, penaltilərlə 3:2. “Bayquşlar” 3-cü təsnifat mərhələsində İrlandiya “Sent-Patriks Atletik”i ilə mübarizə aparacaqlar.

“Zirə” isə Konfrans Liqasının 2-ci raundunda Slovakiya “Dunayska Streda”sından güclü olub – evdə 4:0, səfərdə 2:1. Qəsəbə təmsilçisi növbəti mərhələdə Xorvatiya “Osiyek”i ilə yarışacaq.