Tahir Gözəl: “Xalqımıza ən gözəl hədiyyəni “Qarabağ” verdi”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Portuqaliya təmsilçisi Bakıdakı görüşdə 3:2 hesabıyla qalib gəlib.

Amma “Qarabağ” səfərdə bu rəqibinə 4:2 hesabıyla qalib gəldiyi üçün, ümumi hesabda “Braqa”dan 6:5 üstün olub və növbəti mərhələyə yüksəlib.

Ağdam klubunun prezidenti bu tarixi uğurla bağlı matçdan sonra jurnalistlərə açıqlama verib:

“Mən özüm həyatım boyu belə ləzzətli oyun izləməmişəm. Futbol tarixində bu cür – hər saniyəsi həyəcanlı olan çox az oyun olub. Bu gün bunu söyləmək istəyirəm ki, deyirlər, futbol taktikadır. Xeyr! İnsanı uğura aparan onun ruhudur. Həyatın prinsipi odur ki, həmişə mübarizə aparasan. Biz 60 dəqiqə 10 nəfərlə mübarizə apardıq. “Qarabağ” yorula bilərdi. Deyə bilərdilər ki, bizə çətindir. Amma komanda son dəqiqəyə qədər mübarizə apardı. Bu, bütün xalq üçün ilhamdır. Hamımız bu axşam həyata bam-başqa ruhla davam edirik. Mən bu vətənə, bu xalqa aşiqəm. Həyat da elə gətirdi ki, Qurban Qurbanovun, futbolçularımızın, cənab Prezident İlham Əliyevin, azarkeşlərimizin dəstəyi ilə xalqımıza ən gözəl hədiyyəni bu axşam “Qarabağ” verdi. Bizim ruhumuz bizim uğurumuzun sirridir. Heç kim bizim qarşımızda dayana bilməz. Mən hiss edirdim ki, bu axşam tarixi bir axşam olacaq”.

Klub rəhbəri gənc hücumçu Nəriman Axundzadənin 120+2-ci dəqiqədə “Qarabağ”ı 1/8 finala aparan qolu vurmasına da toxunub: “Nəriman mənim əzizimdir. Mənim yerlimin bu qolu vurması mənim üçün ikinci bir hədiyyədir. Onun gözlərindən öpürəm”.

Sonda Tahir Gözəl “Qarabağ”dan hansı mərhələyə qədər irəliləməyi gözləyirsiniz” sualına belə cavab verib: “Bu sualı yarımfinaldan sonra mənə verərsiniz”.

Qeyd edək ki, “Braqa”nı mübarizədən kənarlaşdıran “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Avropa Liqasının 1/8 mərhələsinin oyunları martın 7-də və 14-də keçiriləcək. Bu mərhələnin püşkü isə bu gün – fevralın 23-də atılacaq.