“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer”ə qarşı cavab oyunundan danışıb.
Arena.az xəbər verir ki, Ağdam klubunun prezidenti Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün Leverkuzendə keçiriləcək matça yollanmayıb.
Bakıda olan klub prezidenti komandaya uğurlar arzulayıb:
“Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.
Tahir Gözəl komandadan əzmkar mübarizə gözləyir: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.
Qeyd edək ki, bu gün Leverkuzendəki “BayArena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyununa saat 00:00-da start veriləcək.



