Futbol üzrə Yaponiya milli komandasının yarımmüdafiəçisi Takefusa Kubo İspaniyanın “Real” klubundan ayrılıb. Arena.az xəbər verir ki, Madrid təmsilçisi futbolçusunu La Liqanın digər təmsilçisi “Real Sosyedad”a satıb.
Bu barədə yapon vingerin yeni klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu “Real Sosyedad”la 5 illik müqaviləyə imza atıb. O, yeni komandasında 14 nömrəli formanı geyinəcək.
“Real Sosyedad” bu keçidə görə Madrid “Real”ına 6.5 milyon avro ödəyəcək. Futbolçunun gələcək satışından gələcək qazancın 50 faizi də “Real”a çatacaq. Həmçinin paytaxt klubu oyunçunu təkrar satınalmaq hüququnu da özündə saxlayıb.
Takefusa Kubo “Barselona”nın futbol akademiyasının yetirməsidir. 2015-ci ildə Kataloniya təmsilçisindən ayrılaraq ölkəsinə qayıdan və “Tokyo” ilə müqavilə bağlayan futbolçu, peşəkar karyerasına da bu komandada başlayıb. O, Yaponiyada “Yokohama”nın da uğurları üçün çalışıb. 2019-cu ildə gənc futbolçunu “Real” öz heyətinə qatıb. Amma cinah yarımmüdafiəçisi Madrid təmsilçisinin əsas komandasında forma geyinmək şansı qazanmayıb. 2019/20 və 2021/22 mövsümlərini “Malyorka”da keçirən Kubo, “Vilyarreal”la “Xetafe”də də icarədə oynayıb. Yaponiya yığmasında 18 oyuna çıxan vinger, cəmi 1 qol vurub.