Taleh Məmmədov: “Onun cavabını qələbəmlə verdim”

Budapeştdə keçirilən Avropa çempionatını gümüş medalla başa vuran Taleh Məmmədov bu uğuru ilə bağlı fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamız bu gün vətənə dönüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlər önünə çıxan yığmamızın üzvü Taleh Məmmədov bunları söyləyib:

“Komanda hesabında Avropa çempionu olmağımız münasibətilə Azərbaycan xalqını və bütün güləşsevərləri təbrik edirəm. Daha öncə AÇ-də gümüş və bürünc medal qazanmışdım. Bu dəfə məqsədim qızıl medal idi. Ancaq qismət olmadı. Bir qədər zədələrim buna imkan vermədi.

Qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına, dünya çempionatına və Bakıda keçiriləcək Dünya Kubokuna daha da yaxşı hazırlaşıb, qızıl medal qazanmaq istəyirəm. Erməni güləşçi idmançıya yaraşmayan hərəkətlər edirdi. Ancaq onun bu davranışları mənə heç bir təsir göstərmədi. Ötən il Avropa çempionatında da Qraçya Poqosyana qalib gəlmişdim. Yəqin ki, ardıcıl 2-ci məğlubiyyəti həzm edə bilmədi. Bəlkə də fikirləşirdi ki, mən də ona qarşı artıq hərəkət edərəm, ikimizi də yarışdan uzaqlaşdırarlar. Səbr etdim və qələbəmlə onun cavabını vermiş oldum”.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i vətənə medalla qayıdıb. Eldəniz Əzizli (55 kq) dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olub. 6-cı dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan Əzizli güləşin klassik növündə ən çox AÇ medalı (2 qızıl, 4 bürünc) olan idmançımıza çevrilib. Rafiq Hüseynov (82 kq) da rekorda imza atıb. 2011 və 2020-ci illərdə AÇ-nin baş mükafatına yiyələnən təcrübəli pəhləvanımız Budapeştdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bir ay sonra 34 yaşı tamam olacaq Rafiq indi yunan-Roma güləşində ən çox Avropa çempionu olmuş idmançımız statusunu daşıyır.

Digər güləşçilərimizdən Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Tarixində ilk dəfə Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi toplanan xallara (165), medalların say və əyarına görə özünün ən yaxşı nəticəsinə imza atıb.