Talisson, Samudio və Djenepo “Antalyaspor”da

“Antalyaspor” heyətini 6 yeni futbolçu – Brayan Samudio, Talisson, Mussa Djenepo, Soner Dikmen, Abdullah Yiğiter və Kenan Piriçlə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sol vinger mövqeyində çıxış edən Brayan Samudio Meksikanın “Toluka” klubundan Antalya təmsilçisinə keçib. 28 yaşlı paraqvaylı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Samudio daha öncə Türkiyədə “Rizəspor”un da formasını geyinib. O, karyerası ərzində “Unian Barbarense”, “Boa”, “Quarani”, “Serro Porteno”, “Nekaksa” kimi klubların da uğurları üçün çalışıb. Yarımmüdafiəçi Paraqvay milli komandasında da 15 oyuna çıxıb, 1 qola imza atıb.

Braziliyadan olan mərkəz müdafiəçisi Talisson Rumıniyanın “Universitatya” (Kluj) klubundan “Antalyaspor”a keçib. Türkiyə klubu onun keçidi üçün 280 min avro ödəyib. 26 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Talisson karyerası ərzində “Koritiba”, “Quarani”, CRB, “İnter de Limeyra”, “Vitoriya”, “Mirassol”, “Yuventude” kimi klublarda da forma geyinib.

Mussa Djenepo Belçikanın “Standart” (Lyej) klubundan icarəyə götürülüb. “Antalyaspor” Mali yığmasının da üzvü olan 26 yaşlı vingeri qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

İngiltərədə “Sauthempton”un da formasını geyinmiş Djenepo, 2017-ci ildən formasını geyindiyi Mali yığmasında 33 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb.

“Antalyaspor” Bosniya və Herseqovina yığmasının da üzvü olan qapıçı Kenan Piriçi Larnaka AEK-indən azad agent kimi heyətinə qatıb. 30 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində “Qradina”, “Gent”, “Sloboda Tuzla”, “Zrinski Mostar”, “Maribor”, “Atromitos”, “Göztəpə” kimi klublarda da oynamış təcrübəli qapıçı Bosniya və Herseqovina millisində 8 oyun keçirib.

“Hatayspor”dan ayrılan türkiyəli qapıçı Abdullah Yiğiter də Antalya klubuna azad agent kimi qoşulub. 24 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. Abdullah karyerası ərzində “Amedspor”, “Fənərbaxça”, “İstanbulspor”, “Hatayspor”, “Rizəspor”, “Kastamonuspor” kimi klublarda forma geyinib.

Soner Dikmen isə “Konyaspor”dan “Antalyaspor”a gəlib. Azad agent statusuna malik 30 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Soner karyerası ərzində “Hacettepe”, “Göztəpə”, “Gənclərbirliyi”, “Kastamonuspor”da da oynayıb.