Tanqi Ndombele “Tottenhem”ə lazım olmadı

Son mövsümü Türkiyə çempionu “Qalatasaray”da icarədə keçirən Tanqi Ndombele İngiltərənin “Tottenhem” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda bitməli idi.

Xatırladaq ki, Tanqi Ndombele Ndombele “Tottenhem”ə 2019-cu ilin yayında Lion “Olimpik”indən 62 milyon avro qarşılığında keçmişdi. Mərkəz yarımmüdafiəçisi olan Ndombele London təmsilçisinin heyətində 91 oyuna çıxıb. O, bu oyunlarda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

2023-cü ilin sentyabrında “Qalatasaray” Ndombeleni icarə əsasında bir mövsümlük heyətinə qatmışdı. Yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində 26 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə ilə fərqlənib. Ndombele “Qalatasaray”la Türkiyə çempionu olub.

Ndombele karyerası ərzində “Olimpik” (Lion), “Napoli” və “Amyen”də də forma geyinib. O, 2018-ci ilin oktyabr ayında debüt etdiyi Fransa yığmasında da 7 matça çıxıb. Əslən Konqodan olan futbolçu millidə keçirdiyi oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.