Tarakanov: “Milli Avropa çempionatında əla nəticə göstərdi”

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Avropa çempionatındakı uğuru şərh edib.

Arena.az xəbər verir ki, Avropa çempionatında növbəti dəfə tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

3 qızıl, 2 gümüş və 1 bürünc medalla qitə birinciliklərində medalların əyarına görə özünün ən yaxşı nəticəsinə imza atan yığmamızı Heydər Əliyev beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, media nümayəndələri, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.

Böyük coşğuyla keçən qarşılanma mərasimində millinin baş məşqçisi Aleksandr Tarakanov bunları deyib:

“Komandamız Avropa çempionatında əla nəticə göstərdi. Bəzi aparıcı güləşçilərin zədələnməsi bizə problem yaratdı. Amma buna baxmayaraq, idmançılarımız bunun öhdəsindən gələrək yüksək nəticə göstərdilər. Güləşçilərin əhval-ruhiyyəsi yaxşıdır. Qarşıdan Olimpiya Oyunları gəlir. Bakıda keçiriləcək lisenziya turnirində Paris-2024-ə vəsiqələr qazanmağa çalışacağıq. Bu uğura nail olmaq üçün bizə lazım olan şəraiti yaratdığına görə AGF rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Daha sonra qitə birinciliyində çempion olan güləşçilər brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Xatırladaq ki, Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) bu Avropa çempionatını qızıl medalla başa vurublar. Rəşad Məmmədovla (55 kq) Ülvü Qənizadə (72 kq) gümüş medalla kifayətləniblər. Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Azərbaycan millisi medalların əyarına görə 1-ci, xal sisteminə görə isə 2-ci yeri tutub.