“Tatler Asia” Messi ilə bağlı qalmaqala görə bəyanat yaydı

Honkonqda keçirilmiş “İnter Mayami” – “Honkonq XI” yoldaşlıq oyununun təşkilatçısı “Tatler Asia” şirkəti üzrxahlıq dərc edib.

Arena.az məlumat verir ki, şirkət həmçinin Lionel Messinin meydanda olmaması səbəbindən biletlərin pulunun bir hissəsini geri qaytaracağını bildirib.

Xatırladaq ki, argentinalı ulduz “İnter Mayami”nin Honkonq yığması ilə yoldaşlıq oyununda (4:1) iştirak etməyib.

“Tatler Asia” bu xüsusda rəsmi bəyanatla çıxış edib:

“Fevralın 4-də Honq Konq və İnter Mayami arasında keçirilmiş futbol oyunundan məyus olmuş hər kəsdən üzr istəyirik. Şəhərin fəxri olacağına ümid etdiyimiz və aylarla zəhmət çəkdiyimiz bir hadisə böyük ürək ağrısına çevrildi.

Həmçinin biz də ürəkağrısı yaşayırıq. Honkonqa dünya səviyyəli futbol oyunu gətirmək üçün qanımızı və tərimizi qoyduq və hamınızla birlikdə biz də ruhdan düşdük. Müqaviləyə əsasən, “İnter Mayami” ulduz futbolçularının – Messi, Alba, Buskets və Suaresin zədəli olmadığı təqdirdə hər birinin 45 dəqiqə oynamalı olacağına razılaşıb. Amma “İnter Mayami” bizə Messi və Suaresin zədə səbəbindən oynaya bilməyəcəyini bildirdi.

Azarkeşlər futbol oyununa və ulduz futbolçulara baxmağa gəlirlər, zədələr də oyunun bir hissəsidir. Amma bizi əsəbləşdirən azarkeşlərə hörmətsizlik kimi görünür. Messinin oynamayacağını biləndə “İnter Mayami”nin rəhbərliyinə və sahiblərinə yalvardıq ki, onu ayağa qalxmağa, camaatla danışmağa və niyə oynaya bilmədiyini izah etməyə səsləsinlər. O, bunu etmədi. Messi və Suaresin fevralın 7-də Yaponiyada oynaması üzə növbəti sillə kimi gəlir.

Honkonqa dünya səviyyəli bir hadisə gətirmək üçün milyonlarla dollar və aylarla zəhmət sərf etdik. Bu gün bizim və Messini meydanda görmək üçün bilet alanların hamısının bu arzusu puç oldu. “Tatler Asia” oyuna bilet almış hər kəsə 50% geri ödəmə təklif edəcək. Bir daha dərindən üzr istəyirik”.

Xatırlayaq ki, Messinin yoldaşlıq oyununda meydanda olmaması azarkeşlərin, eləcə də Honkonq və Çinin dövlət qurumlarının nümayəndələrinin kütləvi narazılığına səbəb olub. Azarkeşlər argentinalı ulduzu, eləcə də meydana çıxmayan uruqvaylı ulduz, hücumçu Luis Suaresi fitə basıblar.