Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuş dünya çempionatına qələbə ilə başlayıb. Arena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb.
Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. Tayfur Əliyev 1/8 finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
Mundialın üçüncü günündə Tayfurun qardaşı Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Lakin o, qardaşından fərqli, uğursuzluqla üzləşib. Sərxana qalib gələn Dev Nişant (Hindistan) 1/16 finala vəsiqə qazanıb.
Xatırladaq ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) isə Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.
5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.
Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.