Tebas: “Elə bilirdilər ki, Mbappenin gəlişi ilə “Real” ağalıq edəcək”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas milli birinciliyin cari vəziyyətdən söhbət açaraq, “Real”ın “bostanına daş atmaq”dan çəkinməyib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Tebas müsahibəsində “qaymaqlılar”ın yeni transferi, fransalı ulduz hücumçu Kilian Mbappenin gəlişi ilə “Real”ın La Liqada heç də üstünlük qazanmadığı qənaətini, futbol gerçəyi ilə əlaqələndirib:

“Barselona” iki il əvvəl La Liqanı qazanmışdı, futbol riyaziyyat deyil. Mbappe gələndə hamı deyirdi ki, “Real” üstünlük qazanıb ağalıq edəcək, amma futbol belə deyil. Uyğunlaşmaq gərəkdir, bunlar insanlardır… xoşbəxtlikdən futbol belə deyil. Elə vəziyyətlər olur ki, Mbappe gəlir və “Real” hamını əzmir, ya da sona üç tur qalmış çempionluq uğrunda mübarizə aparan “Jirona” kimi. “Barselona” indi əla formadadır. Bu, daha da qiymətləndirilir, çünki heç kim bunu gözləmirdi”, deyə Tebas əzəli rəqiblər arasında rəqabəti qızışdıracaq fikrini tamamlayıb.

Yeri gəlmişkən, İspaniya La Liqanın prezidenti “Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamalın perspektivləri haqda da fikrini bildirib. O, ispaniyalı oyunçunun argentinalı ulduz futbolçu Lionel Messi ilə müqayisəsinə qarşı çıxıb. İspan məmurun bu barədə fikrini təqdim edirik:

“Mən Yamalı böyük oyunçular arasında görürəm, amma Messi olmaq… Lamin tamam başqa oyunçudur”, deyə Tebas vurğulayıb.

Xatırladaq ki, La Liqanın 13 turundan 33 xal toplamış “Barselona” yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Real”ı isə 12 turdan sonra topladığı 27 xalla 2-ci pillədən “blauqrana”nı təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: