Teddi Teuma və daha 3 futbolçu “Reyms”də!

Futbol üzrə Malta milli komandasının və Belçikanın “Yunion” klubunun yarımmüdafiəçisi Teddi Teuma Fransanın “Reyms” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransa klubu bu transfer üçün “Yunion”a 6 milyon avro ödəyib. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

2019-cu ildən “Yunion”da forma geyinən Teddi Teuma bu komandada 164 oyuna 31 qol və 44 assist müəllifi olub. O, daha öncə Fransada “Bulon”, “Red Star” və “Yer” klublarında forma geyinib. Yarımmüdafiəçi Malta yığmasında 31 oyuna çıxıb, 3 qola imza atıb.

“Reyms” “Anje”nin hücumçusu Amin Salamanı da transfer edib. 22 yaşlı fransız forvardla da 4 illik müqavilə imzalanıb. Onun transferi yeni klubuna 4 milyon avroya başa gəlib. Salama daha öncə “Anje”dən başqa “Dünkerk”in də formasını geyinib.

Liqa 1 təmsilçisi Avstriyanın “Zalsburq” klubunun hücumçusu Umar Diakiteni də transfer edib. Klub bu keçid üçün 2,5 milyon avro ödəyib. 19 yaşlı forvard ötən mövsümü icarə əsasında “Liferinq”də keçirib, 35 oyuna 12 qol və 11 assistlə yadda qalıb.

“Reyms”in daha bir yeni transferi Lüdovik Bütteldir. “Red Star”dan azad agent kimi ayrılmış 40 yaşlı qapıçı ilə 1 mövsümlük müqavilə imzalanıb. O, bu komandada ehtiyat qapıçı funksiyasını daşıyacaq. Təcrübəli qolkiper daha öncə “Mets”, “Valensiya”, “Herkules”, “Valyadolid”, “Lill”, “Nim”, “Arl Avinyon”, “Anje”, “Brügge” kimi klublarda da forma geyinib.

Yeni transferlərdən Teuma “Reyms”də 10, Salama 11, Diakite 22, Büttel isə 16 nömrəli formanı geyinəcəklər.

“Reyms” üç futbolçusu ilə də yollarını ayırıb. 18 yaşlı Qlori Nzinqo İngiltərənin “Suonsi Siti” klubuna transfer olunub. 23 yaşlı qapıçı Floran Düparşi “Genqam”a keçib. 23 yaşlı şotland yarımmüdafiəçi Freyzer Hornbi isə Almaniyanın “Darmştadt” klubuna keçib.

“Reyms”in təcrübəli qapıçısı Nikolya Penneto isə karyerasını başa vurub. O, 42 yaşında futboldan gedib. Daha öncə “Bastiya”, “Valansyen” və “Şarlerua”da oynamış fransız qolkiper 2021-ci ildən “Reyms”də idi. Amma o, bu komandada rəsmi oyuna çıxmayıb.