Tedesko: “Püşkün pis və ya yaxşı olması gözləntilərinizdən asılıdır”

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko UEFA Millətlər Liqasının püşkatmasının nəticələrini dəyərləndirib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan-alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Pis və ya yaxşı püşk? Sadəcə gözləntilərinizdən asılıdır. Şəxsən mən məmnunam. Bu yarışda həmişə güclü rəqiblərimiz olacaq və biz bunu bilirdik. AÇ-2024-dən sonra ən yaxşı komandalara qarşı oynamaq imkanımız olacaq.

Rəqibimizin kimliyindən asılı olmayaraq, məqsədimiz qələbə qazanmaqdır. Fransa yığması çox güclüdür, bu komandada, hətta ehtiyat oyunçular skamyasında da yaxşı oyunçular çoxdur. İtaliyaya gəlincə, ailəm orada yaşadığı üçün bu komanda ilə qarşıdakı oyunlara sevinirəm. Bu, mənim üçün xüsusi bir məqamdır”, deyə Tedesko bildirib.

Xatırladaq ki, Belçika yığması UEFA Millətlər Liqasının 2024/2025-ci il mövsümündə Fransa, İtaliya və İsrail kollektivləri ilə eyni qrupda yarışacaq.