2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” yarımmüdafiəçisi Tellur Mütəllimov ilə də yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “7 nömrə” növbəti mövsümdə də bu komandada çıxış edəcək.
Qeyd edək ki, ötən mövsümdən “Sumqayıt”ın şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub. Tellur həmçinin Azərbaycanın U-21 və əsas millilərinin uğurları üçün çalışıb.
“Sumqayıt” daha öncə Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev, Aydın Bayramov və Höccət Haqverdi ilə də yeni müqavilə bağlamışdı. Mehdi Cənnətov, Mehdi Şərifi, Cavid İmamverdiyev və Cabir Əmirli ilə yollarını ayıran klub, Yusif Nəbiyev, Xəzər Mahmudov və Eltun Turabovu transfer edib.