Ten Haq: “Bunun üçün mənə daha yaxşı oyunçular lazımdır”

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq Premyer Liqada daha iddialı olmağın şərtlərindən danışıb.

Arena.az xəbər verir ki, Niderlanddan olan mütəxəssis Premyer Liqanın çempionluq mübarizəsində iddialı olmaq üçün komanda heyətinin nəzərəçarpacaq dərəcədə gücləndirilməsinə ehtiyac olduğunu söyləyib.

Ten Haq obyektiv mövqeyi ilə diqqət çəkib:

“Növbəti mövsümdə titul uğrunda mübarizə apara biləcəyikmi? İndi bu haqda danışmaq çətindir. Baxmalıyıq, görək, transfer pəncərəsi nə vəd verir. Ancaq düşünürəm ki, bizə daha çox oyunçu lazımdır.
Tərəqqi üçün yaxşı bazamız var. Ancaq tələb də daha yüksək olmalıdır. Standartlar yüksəlməlidir. Yayda bizə bu heyətlə işləmək qarşımızda dayanır. Baxmalıyıq, görək, biz bu heyəti gücləndirə biləcəyikmi.

Heyətimiz bu liqada ilk dördlüyə düşmək üçün yaxşıdır. Ancaq titul uğrunda mübarizə istəyindəyiksə, bu halda realist olmaq lazımdır. Baxaq, görək iki transfer pəncərəsindən sonra nələr edə bilirik. Hazırda qarşımızda çoxlu iş var. Biz komandada bu heyətlə inkişafa nail oluruq. Ancaq ən yüksək yerlər uğrunda mübarizə üçün mənə daha yaxşı oyunçular lazımdır”.

Xatırladaq ki, Erik ten Haqın rəhbərliyi ilə “Mançester Yunayted” Premyer Liqada 37 turdan sonra 72 xalla 3-cü sırada mövqe tutaraq, ən yaxın izləyicisi “Nyukasl”ı iki xal qabaqlayır. “Qırmızı şeytanlar” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin ediblər.

Maraq üçün əlavə edək ki, çempion “Mançester Siti”nin 89, gümüş mükafatçı “Arsenal”ın 81 xalı var.