Ten Haq: “Maktomineyin “MY-dən getməsini istəmirdim”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun, şotland yarımmüdafiəçi Skott Maktomineyi keçən yay “Napoli”yə satmasından danışıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən onun getməsini istəməzdim, amma qaydalar belədir. Klublar çox yaxşı olmasa da, maliyyə ədaləti qaydalarına riayət etməlidirlər. Hətta deyərdim ki, onlar (qaydalar) pisdirlər. Bu, bizi müvafiq qərarı verməyə məcbur etdi”, deyə Ten Haq bildirib.

Keçid “Napoli”yə 30,5 milyon avro məbləğ müqabilində başa gəlib. Şotland futbolçu italyan klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Əlavə edək ki, “Mançester Yunayted” keçmiş futbolçusunun gələcək satışından müəyyən faizdə qazanc əldə etmək hüququnu özündə saxlayıb.

Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Yarımmüdafiəçi 2017-ci ilin iyulunda “qırmızı şeytanlar”ın əsas komandasına transfer edilib.

Skott Maktomineyin “qırmızı şeytanlar”ın heyətində çıxşının ümumi mənzərəsi 255 oyun, 29 qol və 8 məhsudar ötürmədən ibarətdir.

Şotland futbolçu “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun (2022/2023) və İngiltərə Kubokunun (2023/2024) qalibi olub.

Cari mövsümdə Maktominey “Napoli” üçün 6 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Skott Maktominey 2018-ci ilin martında debüt etdiyi Şotlandiya yığmasının heyətində 56 oyun keçirib, 11 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı şotland mərkəz yarımmüdafiəçisi Skott Maktomineyin trasnfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın