“The Sun” nəşri “Mançester Yunayted” tarixindəki bütün oyunlarda qələbə faizi üzrə “qırmızı şeytanlar”ın 10 ən yaxşı məşqçisini açıqlayıb.
Arena.az məlumat verir ki, İngiltərə nəhənginin hazırkı baş məşqçisi, holland mütəxəssis Erik ten Haq ilk baxışdan nə qədər ziddiyyətli görünsə də, müvafiq siyahıya başçılıq edir.
Erik ten Haq “qırmızı şeytanlar”ın sükanı arxasında keçirdiyi oyunların 60%-də qalib gəlib – 100 oyun, 61 qələbə, 11 heçə-heçə, 28 məğlubiyyət.
“Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı, şotland mütəxəssis Ser Aleks Ferqyusonun qələbə faizi isə 59,7-dir.
3-cü pillədə isə 58,3% göstərici ilə məşhur portuqal mütəxəssis Joze Mourinyo qərarlaşıb.
Erik ten Haq “Mançester Yunyated”in 2022-ci ilin iyulundan çalışdırır. Holland mütəxəssisin İngiltərə nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməyən və avrokuboklarda iştirakına xitam vermiş “qırmızı şeytanlar”, indi Ten Haqın rəhbərliyi altında Premyer Liqada ən azı 5-ci yeri hədəfləyərək, növbəti mövsümdə qitənin ən mötəbər klub turnirinə vəsiqə qazanmaq istəyindədirlər.
Hazırda “Mançester Yunayted” 27 turdan sonra 44 xalla yarış cədvəlinin 7-ci pillədində qərarlaşıb. “Qırmızı şeytanlar”ı 5-ci pillədə qərarlaşmış “Tottenhem”dən 6 xal ayırır, üstəlik, “mahmızlar”ın ehtiyatında hələ 1 oyun var. Premyer Liqaya 63 xalla “Liverpul” başçılıq edir.