Ten Haq: “Raşfordun müqaviləsini onu satmaq üçün yeniləməmişik”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın ingiltərəli sol vingeri Markus Raşford haqda danışıb.

Arena.az məlumat verir ki, holland mütəxəssis Raşfordun yay transfer pəncərəsində başqa kluba satıla biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibətini açıqlayıb:

“Biz onu indi satmaq üçün keçən mövsüm onunla yeni beş illik müqavilə imzalamamışdıq. Markus bu layihənin bir hissəsi olmalıdır. Bu, söhbət apardığımız mövzu deyil”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, daha öncə mətbuatda Markus Raşfordla Fransa nəhəngi PSJ-nin maraqlandığı barədə məlumat yayılmışdı. Xüsusilə, Paris klubunun Raşford müqabilində “Mançester Yunayted”ə 80 milyon avro, Raşfordun özünün isə illik 10 milyon avro məbləğində maaşla müqavilə təklif etməyə hazır olduğu bildirilirdi.

Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. Markus 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb. O, bu oyunlarda 7 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 393 oyun, 130 qol və 74 məhsuldar ötürmə.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 59 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın