Teo Ber və Qabriel Oşo “Oser”də – Rəsmi

Futbol üzrə Kanada millisinin və Şotlandiyanın “Motervel” klubunun hücumçusu Teo Ber bundan sonra “Oser”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Liqa 1 təmsilçisi bu transfer üçün Şotlandiya klubuna 1,9 milyon avro ödəyib. 24 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Teo Ber “Vankuver”in yetirməsidir. Karyerası ərzində “HamKam”, “Sent Conston” kimi klublarda da oynamış forvard 2023-cü ilin avqust ayından “Motervel”in uğurları üçün çalışırdı. Kanadalı futbolçu Şotlandiya klubunun heyətində 41 oyuna çıxıb, 15 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Kanadanın U-20 və U-23 yığmalarında da oynamış Ber, 2020-ci ilin yanvarında ölkəsinin əsas millisində debüt edib. O, millidə 3 matça cəmi 1 qol vurub.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

“Oser” İngiltərənin “Luton Taun” klubunun müdafiəçisi Qabiel Oşonu da heyətinə qatıb. Əslən Nigeriyadan olan ingiltərəli futbolçu yeni klubu ilə azad agent kimi 1+2 illik müqavilə bağlayıb.

Qabriel Oşo İngiltərənin “Ridinq” klubunun yetirməsidir. O, karyerası ərzində “Maydenhed Yunayted”, “Olderşot Taun”, “Bristol Rovers”, “Yovil Taun”, “Roçdeyl” kimi klublarda da forma geyinib. “Luton Taun”a 2020-ci ildə cəlb olunmuş 25 yaşlı müdafiəçi bu komandada 85 oyuna çıxıb, 5 qol və 1 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.