Moskva “Spartak”ının konqolu hücumçusu Teo Bonqonda İspaniya nəhəngi “Barselona”nın ona olan marağından danışıb.
Arena.az Bonqondanın bu barədə məlumatını təqdim edir:
“Bu xəbəri eşitmişəm, amma bu barədə heç nə bilmirəm. Mən burada qalıram və “Spartak” üçün oynayıram”, deyə Konqo Demokratik Respublikası yığmasının hücumçusu bildirib.
Bundan əvvəl, “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin Teo Bonqondanı “blauqrana”nın hücumçu Ansu Fatinin əvəzləyicisi kimi gördüyü haqda məlumat yayılmışdı.
Teo Bonqonda Moskva “Spartak”ına 2023-cü ilin iyul ayında 7,5 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində meydana çıxdığı 38 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.
Bonqonda karyerası ərzində “Genk”, “Sulte Varegem”, “Selta”, “Kadis” və “Trabzonspor” kimi klubların da şərəfini qoruyub. Vaxtilə Belçikanın U-19 və U-21 yığmalarında oynamış 28 yaşlı vinger Konqo Demokratik Respublikası yığmasının heyətində 21 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı sağ vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.