Teo Uolkott Premyer Liqanı tərk edən doğma klubdan ayrıldı

Futbol üzrə İngiltərə milli komandasının keçmiş hücumçusu Teo Uolkott İngiltərənin “Sauthempton” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 34 yaşlı forvard bu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb:

“Sauthempton” forması ilə sonuncu oyunuma çıxdım. Hər kəsə təşəkkürlərimi çatdırıram. Bu, inanılmaz insanların olduğu fantastik klubdur. Bu mövsüm Premyer Liqada qala bilmədiyimiz üçün çox məyus oldum, amma əminəm ki, klub tezliklə yenidən oraya qayıdacaq. 16 yaşımda debüt etdiyim bu klubda hər zaman dəstək görmüşəm. Buna görə hamınıza təşəkkür edirəm. Komandaya və azarkeşlərə gələcəkdə uğurlar arzulayıram. Məqsədim oynamağa davam etməkdir. Növbəti çağırışı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, futbolçunun bu klubla müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədər idi. Komandanın Çempionşipə yuvarlanması Uolkottu da ayrılmağa məcbur edib.

Teo Uolkott “Sauthempton”un öz yetirməsidir. O, 16 yaşında bu klubun əsas komandasında debüt edib.

2006-cı ildə hücumçu 10.50 milyon avro qarşılığında “Arsenal”a transfer olunub. Uolkott 2006-2018-ci illər aralığında “topçular”ın heyətində 397 matçda 108 qola imza atıb, 80 asist edib.

“Arsenal” bu futbolçunu 2018-ci ilin yanvarında 22.50 milyon avro qarşılığında “Everton”a satmışdı. Teo bu komandada 85 matça çıxıb, 11 qol və 9 asistlə yadda qalıb.

Təcrübəli futbolçu 2020-ci ilin oktyabrında yenidən “Sauthempton”a qayıtmışdı. O, doğma klubunun əsas komandasında bütövlükdə 82 oyuna çıxıb, 10 qola imza atıb, 5 məhsuldar ötürmə edib.

İngilis hücumçu ölkəsinin milli komandasında da 47 oyun keçirib, 8 qol vurub.