Terrens Tisdell və Kərim Abubakar da “Sumqayıt”dan getdilər

2022/2023 mövsümünü uğursuz keçirən “SumqayıtTerrens Tisdell, Kərim AbubakarDieqo Karioka ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Sumqayıtın eyniadlı təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu futbolçularla klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Hər bir futbolçuya kluba göstərdikləri xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Terrens Tisdell “Sumqayıt”a 2022-ci ilin dekabr ayında gəlmişdi. Liberiyadan olan sağ cinah vingeri bu komandada 13 oyuna çıxıb, 1 qol vurub. 25 yaşlı futbolçu daha öncə “Hapoel” (Petah Tikva), “Kocaelispor”, “Botoşani”, “Baroka”, “Kosta do Sol” kimi klublarda da oynayıb.

Kərim Abubakar bu ilin yanvarından “Sumqayıt”da çıxış edirdi. Qanadan olan 27 yaşlı forvard bu komandada 18 oyuna cəmi 3 qol vurub. O, daha öncə “Hapoel” (Akre), “Algeciras”, “Yeclano Deportivo”, “Bney-Yehuda” (Təl-Əviv), “Don Benito” “Konkense”, “Plasensiya” kimi klublarda da forma geyinib.

Dieqo Karioka da “Sumqayıt”a bu ilin yanvarında qoşulmuşdu. 25 yaşlı sol cinah vingeri burada 10 oyuna çıxıb, 1 qol vurub. O, əvvəllər “Vitebsk”, “Kolos”, “Yagelloniya”, “Şaxtyor” (Soliqorsk) və “Zalaegerseq” kimi klubların da uğurları üçün çalışıb.

Xatırladaq ki, “Sumqayıt”da daha öncə Aydın Bayramov, Süleyman Əhmədov və Rüfət Abdullazadə ilə də yollarını ayırmışdı. Bu klub gedənlərin əvəzində hələlik “Zirə”dən ayrılan qapıçı Mehdi Cənnətovu və “Kəpəz”dən ayrılan qapıçı Orxan Sadıqlını heyətinə cəlb edib.