Futbol üzrə Argentina milli komandasının keçmiş hücumçusu Karlos Teves vida oyunu keçirmək niyyətində olduğunu bəyan edib.
Arena.az xəbər verir ki, bu oyuna dünya futbolunun iki nəhəng ulduzunu dəvət etmək arzusunda olduğunu da bildirib.
Tevesin müvafiq açıqlamasını təqdim edirik:
“Mən, vida oyunu keçirməyi nəzərdə tutmuşam. Sadəcə olaraq uyğun bir vaxt seçmək gərəkdir. Mən Lionel Messi və Kristiano Ronaldonu dəvət etmək istərdim”, deyə veteran hücumçu vurğulayıb.
Xarici mətbuatdakı iddialara görə, Ronaldo ilə Messinin bu vida matçında eyni komandada oynaması nəzərdə tutulur. Lakin argentinalı veteran futbolçunun bu arzusunun nə vaxt reallaşacağı bilinmir.
Xatırladaq ki, Teves peşəkar futbolçu karyerasını 2022-ci ilin yayında bitirib. Onun sonuncu iş yeri isə 2021-ci ilin iyul ayında vidaşaldığı “Boka Xuniors” olub.
Teves futbolçu karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və “Şanxay Şenxua” kimi komandalarda çıxış edib. Sabiq hücumçu “Mançester Yunayted”in heyətində UEFA Çempionlar Liqasının qalibi olub, Argentina yığması ilə isə Olimpiya çempionluğunu qazanıb.
Argentinalı veteran futbolçu 2022-ci ildən məşqçiliyə də başlayıb. O, həmin ildə beş ay ərzində – iyundan noyabra qədər “Rosario Sentral”ı çalışdırıb. 2023-cü ilin avqust ayında isə “İndependyente”nin baş məşqçisi təyin olunmuş 41 yaşlı mütəxəssis 2024-cü ilin mayında Argentina klubundan ayrılıb. Həmin vaxtdan bəri o, işsizdir.