Teymur Rəcəbov FIDE reytinqində ilk “10-luğ”u tərk etdi

Azərbaycan şahmatçısı, milli komandamızın liderlərindən olan Teymur Rəcəbov FİDE reytinqində ilk “10-luğ”u tərk edib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) bu gün yeni reytinq siyahısını açıqlayıb.

Qurumun rəsmi saytında yerləşdirilən reytinq cədvəlində 36 yaşlı qrossmeysterimizin 3 pillə geriləyərək 13-cü sırada qərarlaşdığını görürük. Azərbaycan şahmatçısının hesabında 2747 reytinq xalı var.

Teymur Rəcəbov ilə yanaşı, Azərbaycan milli komandasının digər aparıcı üzvü Şəhriyar Məmmədyarov da ilk onluqdan kənardadır. O da 2740 xalla 15-ci yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan isə yalnız Qədir Hüseynov ən güclü 100 qrossmeyster arasında yer ala bilib. O, 2661 xalla 83-cüdür. Ötən siyahıda yer almış Rauf Məmmədov bu dəfə “yüzlüy”ə də düşə bilməyib.

Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Fransadan olan Alireza Firuzca (2786) ikinci, çinli Liren Dinq (2780) üçüncüdür.

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2456 xalla 25-ci pillədə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) isə 89-cu pillədədir.

Qadınların reytinqinə çinli Hou Yifan başçılıq edir – 2628 xal. Hindistandan olan Hampi Koneru (2566) ikinci, Çinin digər təmsilçisi Venyun Ju (2566) üçüncüdür.