Teymur, Şəhriyar və Nicat FIDE reytinqində gerilədilər

Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Nicat Abbasov FIDE reytinqində geriləyiblər.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Azərbaycan təmsilçiləri yeni siyahıda xeyli geriləyiblər. Belə ki, Teymur Rəcəbov (2723 xal) 14-cü sıradan 27-yə düşüb. Şəhriyar Məmmədyarov (2723 xal) isə 16-cı pillədən 26-cı mövqeyə enib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutmuş Nicat Abbasov da 53-cü yerdən 98-ci sıraya yuvarlanıb.

Kişi şahmatçılarımızdan yalnız Rauf Məmmədov irəliləyib. 2651 xala malik şahmatçımız 9 pillə irəliləyərək 90-cı sıraya yüksəlib.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829 xal) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795 xal) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Nikaru Nakamura (2788 xal) ilk “üçlüy”ü qapayır.

Azərbaycanın qadın şahmatçılarından ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. 2449 xala malik şahmatçımız 27-cidir. Ülviyyə Fətəliyeva (2384 xal) 67-ci sırada qəarlaşıbsa, Gövhər Beydullayeva (2374 xal) 77-ci, Xanım Balacayeva 98-ci, Gülnar Məmmədova (hər ikisi 2350 xal) 99-cudur.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632 xal) məxsusdur. Çinin digər təmsilçisi Yu Venyun (2560 xal) ikinci olub. Hindistandan olan Xampi Koneru (2554 xal) üçüncü sırada qərarlaşıb.