TFF 1024 futbolçunun mərc oyunlarında iştirak etdiyini açıqladı

Türkiyə Futbol Federasiyası (TFF) bu ölkənin liqalarında çıxış edən 1024 peşəkar futbolçu barədə danışılmış oyunlarla əlaqədar intizam işi açıb.

Arena.az bu barədə qurumun mətbuat xidmətinə məlumat verir.

Belə ki, TFF, araşdırma nəticəsində mərc oyunlarında iştirakı müəyyən edilmiş 1024 oyunçunun adını açıqlayıb. Qurum bununla bağlı siyahını Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib.

1024 oyunçudan 27-si Super Liqa klublarında çıxış edənlərdir. Artıq həmin futbolçuların adları da məlumdur:

Qalatasaray”: Eren Elmalı, Metehan Baltacı
Beşiktaş”: Ersin Destanoğlu, Necip Uysal
Trabzonspor”: Boran Başkan, Salih Malkoçoğlu
Alanyaspor”: Enes Keskin, Yusuf Özdemir, Bedirhan Özyurt, İzzet Çelik
Rizəspor”: Efe Doğan, Furkan Orak
Qaziantep”: Nazım Sanqare, Muhammet Taha Güneş
Antalyaspor”: Kerem Kayaarası
Göztəpə”: İzzet Furkan Malak, Uğur Kaan Yıldız
Kasımpaşa”: Ege Albayrak, Ali Emre Yanar.
Samsunspor”: Celil Yüksel
Kayserispor”: Abdulsamet Burak, Berkan Aslan.
Konyaspor”: Adil Demirbağ, Alassane Ndao
Eyüpspor”: Mükremin Arda Türköz
Karagümrük”: Furkan Bekleviç, Kerem Yusuf Sirkeci

TFF rəsmi qurumlarla yazışmağa davam edir və cavablara əsasən araşdırmanı genişləndirəcək.

Federasiya aşağı liqalarda araşdırmalara cəlb olunmuş futbolçuların çoxluğunu nəzərə alaraq, 2-ci və 3-cü Liqaların oyunlarını 2 həftəlik təxirə salıb.

Super Liqa klubunun prezidenti saxlanıldı

TFF ilə yanaşı, hüquq-mühafizə orqanları da qardaş ölkə futbolundakı mərc qalmaqalı ilə bağlı araşdırma aparır. Belə ki, Türkiyədə 600-ə yaxın futbolçu matçlarda mərc işi ilə bağlı polisə dindirilməyə çağırılıb. Məlumata görə, futbolçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və tanınmamış Şimali Kiprdə fəaliyyət göstərən qeyri-leqal saytlarda mərc ediblər.

Super Liqada mübarizə aparan “Eyüpspor” klubunun prezidenti Murat Özkaya da saxlanılıb. Onun da adı danışılmış oyunlarda və mərc qalmaqalında hallanır.

Xatırladaq ki, daha əvvəl TFF prezidenti İbrahim Hacıosmanoğlu bildirib ki, İntizam Komitəsi futbol matçlarına mərc etdiklərinə görə 149 hakimi vəzifəsindən kənarlaşdırıb. Türkiyə prokurorluğu 21 nəfərin, o cümlədən 17 hakimin və ölkənin aparıcı futbol klublarından birinin prezidentinin həbsinə dair order verib. İstanbul Baş Prokurorluğunun məlumatına görə, bu şəhərdə və digər 11 vilayətdə koordinasiyalı səhər reydləri zamanı adları açıqlanmayan azı 18 şübhəli saxlanılıb.