“The Best”: Canni De Byazi və Emin Mahmudov kimləri seçib?

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin “The Best” mükafatı üçün seçimi müəyyənləşib.

Arena.az xəbər verir ki, yığmanın çalışdırıcısı qismində səs verən italiyalı mütəxəssis İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Halandı 2023-cü ilin ən yaxşısı hesab edib.

O, fransalı Kilian Mbappeni (PSJ, Fransa) ikinci, portuqaliyalı Bernardo Silvanı (“Mançester Siti”) üçüncü yerə layiq görüb.

Lakin Canni De Byazinin bu seçimi özünü doğrultmayıb. Belə ki, ən yaxşı futbolçu adına Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi layiq görülüb. İkinci yeri Haland, üçüncü yeri isə Mbappe tutub.

De Byazinin fikrincə, ilin ən yaxşı məşqçisi “İnter”ə (İtaliya) rəhbərlik edən həmyerlisi Simone İnzaqidir. İngiltərə Premyer Liqasını və UEFA Çempionlar Liqasını qazanan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ikinci pillədə göstərilib. De Byazi ilk “üçlüy”ün son “sakini” qismində digər həmyerlisi olan İtaliya millisinin çalışdırıcısı Luçano Spallettinin adını yazıb.

İtalyan mütəxəssisin bu seçimi də özünü doğrultmayıb. Belə ki, 2023-cü ilin ən yaxşı məşqçisi adına Xosep Qvardiola layiq görülüb.

67 yaşlı çalışdırıcının ən yaxşı qapıçı ilə bağlı seçimi də maraq doğurub. Belə ki, o, sonuncu oyununu 2023-cü ilin iyununda keçirən belçikalı Tibo Kurtuanı (“Real”, İspaniya) ilin qapıçısı adına layiq görüb. “Mançester Yunayted”in (İngiltərə) kamerunlu qolkiperi Andre Onana ikinci, “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) mərakeşli dəri əlcək sahibi Yassin Bunu isə üçüncü pillədə göstərilib.

Ötən gecə baş tutan mükafatlandırma mərasimində De Byazinin bu seçiminin də nə dərəcədə uğursuz olduğu üzə çıxıb. Belə ki, “Mançester Siti”nin və Braziliya yığmasının formasını geyinən Ederson 2023-cü ilin ən yaxşı qapıçısı elan edilib.

Xatırladaq ki, Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.

Emin Mahmudovun məşqçi seçimi özünü doğrultdu

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun da FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.

31 yaşlı yarımmüdafiəçi İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Halandı 2023-cü ilin ən yaxşı oyunçusu hesab edib. “Neftçi”nin kapitanı Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe və ABŞ təmsilçisi “İnter Mayami”nin argentinalı oyunçusu Lionel Messini də ilk “üçlük”də göstərib.

Mahmudov da qapıçılarda Tibo Kurtuanı birinci, Andre Onananı ikinci, Edersonu isə üçüncü sırada qeyd edib.

Əvəzində Eminin məşqçi seçimi özünü doğruldub. O, Qvardiolanı birinci, Spallettini ikinci, İnzaqini isə üçüncü sırada göstərib ki, yekunda qalib də məhz “Mançester Siti”nin çalışdırıcısı olub.