Tibo Kurtua AÇ-2024-də iştirakdan imtina etdi

Belçika yığmasının və “Real”ın əsas qapıçısı Tibo Kurtua 2024-cü il Avropa çempionatında iştirakdan imtina edib.

Arena.az məlumat verir ki, Kurtua dizindəki çarpaz bağın yırtığını tam sağaltmaq istəyir.

O, bu barədə özünün sosial şəbəkə hesabı üzərindən müvafiq yazı dərc edib:

“Zədəyə görə AÇ-2024-ü buraxacağam. Əvvəlcə yüz faiz bərpa olunmalıyam və burada heç bir tarix təyin etməmək daha yaxşıdır. Qismət olsa, may ayında bir oyun keçirə bilərəm. Amma belə olan halda belə böyük turnirə yüz faiz hazırlaşa bilməzsən”, – Kurtua yazıb.

Xatırladaq ki, cari ilin avqustunda, yeni mövsümün başlanması ərəfəsində Tibo Kurtuaya sol dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulmuşdu. Hazırda Kurtua bərpa prosesini davam etdirir.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Tibo Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı zədə səbəbindən meydana çıxmayıb. Geridə qalmış 2022/2023 mövsümündə isə Tibo Kurtua “Real”ın heyətində 49 oyuna çıxıb, 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Tibo Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Tibo Kurtuanı 45 milyon avro məbləğində qiymətləndirir.