“Real”ın belçikalı qapıçısı Tibo Kurtua Madrid “Atletiko”sunun azarkeşlərinin mübahisəli davranışlarından söhbət açıb.
Arena.az “Atletico Universe” dərgisinə istinadən, belçikalı qapıçının bu barədə fikrini təqdim edir:
“Madrid “Atletiko”sunun azarkeşləri mənə siçovul uyuqları ataraq əndazələrini aşıblar, mən hələ qan və lövhəciklə bağlı hoqqalarını demirəm… Onların qəzəbini başa düşürəm, rəqib klubu təmsil edirdim, amma onlar da daha ağını çıxarıblar”, deyə Kurtua vurğulayıb.
Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb.
Kurtuanın “döşəkçilər”in heəyitndə çıxışının ümumi mənzrəsi isə belədir: 154 oyun, 125 buraxılmış qol, 76 “quru” oyun.
“Atletiko” ilə Kurtua İspaniya La Liqasının (2013/2014), İspaniya Kubokunun (2012/2013), Avropa Liqasının (2011/2012) və UEFA Super Kubokunun (2012/2013) qalibi olub. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.
“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 6 oyun keçirib, 2 qol buraxıb, 4 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 241 oyun, 221 buraxılmış qol buraxıb və 100 “quru” oyundan ibarətdir.
“Kral klubu”nun heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.


