Tibo Kurtua dünya çempionatlarında yeni rekorda imza atdı

Belçika millisinin qapıçısı Tibo Kurtua dünya çempionatları tarixində ən çox oyun keçirən qapıçılar sırasında ikinci pilləyə yüksəlib.

Arena.az xəbər verir ki, 34 yaşlı qolkiper DÇ-2026-nın 1/4 final mərhələsində İspaniyaya qarşı matça start heyətində çıxmaqla mundiallardakı 21-ci oyununu keçirib.

Bununla da Kurtua bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi (20 oyun) geridə qoyaraq təkbaşına ikinci pilləyə yüksəlib. Rekord isə Almaniya millisinin heyətində dünya çempionu olmuş Manuel Noyerə məxsusdur. Təcrübəli qolkiper dünya çempionatlarında ümumilikdə 23 oyunda meydana çıxıb.

Tibo Kurtua 2018-ci ildən Madrid “Real”ının formasını geyinir. O, “kral klubu” ilə üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Bundan əlavə, bir dəfə İspaniya Kubokunu, klublararası dünya çempionatını və Qitələrarası Kuboku qazanıb.

Belçikalı qapıçı karyerası ərzində “Genk”, “Çelsi” və Madrid “Atletiko”sunda da çıxış edib. O, Belçika millisinin heyətində 2018-ci il dünya çempionatının bürünc medalını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: