Tibo Kurtua: “Kilian Mbappe ketçupa bənzəyir”

“Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua fransalı hücumçu Kilian Mbappenin Madrid klubunda yaşadığı çətinliklər haqda söbət açıb.

Arena.az “Madrid Xtra” dərgisinə istinadən, belçikalı qapıçının bu barədə fikrini təqdim edir:

“Mbappenin yaşadığı çətin dövrmü? Bu, peşəkarlıq və ya istək çatışmazlığı deyil. Bu, komandaya gələndə mənim də başıma gəlmişdi. Elə vaxtlar olur ki, hər şey öz yolunda getmir. Bu, daha az istəməyiniz və ya səy göstərməməyinizlə bağlı məqam deyil. Sakit olmaq və davam etmək gərəkdir. Həlledici an olacaq bir ölçü oyunu olmalıdır və mən bunun baş verəcəyinə əminəm. Ümidvaram ki, “Xetafe”yə vurduğu qol ona “Atletik”ə üç qol vuracağına inam bəxş edəcək”, deyə Kurtua bildirib.

“Mbappe böyük keyfiyyətlərə malik oyunçudur”

Tibo Kurtua Kilian Mbappe haqqında danışarkən fransalı ulduzu bir şüşə ketçupa bənzədib:

“Kilian Mbappe böyük keyfiyyətlərə malik oyunçudur. O, içərisində sousu olan ketçup qabına bənzəyir – sanki axıb-tökülmür, amma birdən hər şey çölə çıxır. Mən həm də düşünürəm ki, onunla məhz bu baş verəcək”, deyə Kurtua Mbappenin tezliklə öz oyununu tapacağına əmin olduğunu başa düşməyə əsas verib.

Xatırladaq ki, Kilian Mbappe İspaniya La Liqasının 15-ci turunda “Real”ın “Santyaqo Bernabeu”da “Xetafe” üzərində 2:0 hesablı qələbəsinə vuduğu qolla töhfəsini verib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 19 oyuna 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: