Tibo Kurtua: “Liverpul”la oyunda hücumda heç nə edə bilmədik”

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Liverpul”la səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, belçikalı qolkiper 0:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Liverpul” hazırda Avropanın ən güclü komandalarından biridir. Biz birinci hissədə yaxşı müdafiə olunduq, amma əslində hücumda heç nə edə bilmədik. Penalti ilə hesabı bərabərləşdirə bilərdik, amma bunu bacara bilmədik. Buraxdığımız ikinci qoldan sonra isə oyuna qayıtmaq çətin oldu”, deyə Kurtua bildirib.

“Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç də “Liverpul”la səfər oyunundan danışıb. O, “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin çıxışından söhbət açıb:

“Oyunun gedişatını dəyişə biləcək penaltimiz vardı, amma biz bunu icra edə bilmədik və hesab 0:2 olduqda oyun demək olar ki, uduzuldu. Biz Mbappeni yaxşı vəziyyətdə görürük, o, yaxşı məşq edir və özünəinamlıdır. Bəzən hər şey alınır, bəzən isə alınmır, xüsusən də penalti ilə bağlı. Biz ona güvənirik. O, bunun öhdəsindən mütləq gələcək”, deyə Modriç vurğulayıb.

“Real”ın yarımmüdafiəçisi Daniel Sebalyos da Kilian Mbappenin çıxışından danışıb. İspan futbolçunun bu barədə fikrini təqdim edirik:

“Kilian… Onun işləri yaxşı getmir, istədiyi qədər qol vurmur, amma biz gözləməliyik. “Real” kimi kluba düşmək asan deyil və inanıram ki, o, yaxın gələcəkdə bu kluba və komandaya çoxlu faydalar gətirəcək”, deyə Sebalyos vurğulayıb.

“Real”ın uelsli keçmiş cinah hücumçusu Qaret Beyl də Kilian Mbappenin “Liverpul”la səfər oyunundakı uğursuz çıxışından danışıb:

“Kilian Mbappe günümüzdə dünyanın ən yaxşı oyunçusudur. Onun komandadakı mövqeyini yaxşılaşdırması an məsələsidir”, deyə Beyl vurğulayıb.

Xatırladaq ki, Mbappe “qırmızılar”la oyunda penaltini qaçırıb və “Real” bu qarşılaşmada 0:2 hesabı ilə məğlub olub. Oyundan sonra fransalı futbolçunun ünvanına çoxlu tənqidlər yönəlməkdədir. Göründüyü kimi, komanda yoldaşları tam əksinə, ona dəstək olmağa çalışıblar.