“Real”ın belçikalı qapıçısı Tibo Kurtua uşaqlıqda azarkeşi olduğu “Mançester Yunayted”ə niyə keçmədiyini əsaslandırıb.
Arena.az təcrübəli qolkiperin bu barədə açıqlamasını təqdim edir:
“Mən niyə “Mançester Yunayted”ə keçmədim? Onlar David de Xea ilə müqavilənin müddətini uzatdılar, başa düşürsünüzmü? Bu, mənim yolumu bir qədər dəyişdi. Mən “Mançester Yunayted”in pərəstişkarı idim”.
Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.
“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 32 oyun keçirib, 35 qol buraxıb, 10 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Tibo Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 268 oyun, 254 buraxılmış qol buraxıb və 107 “quru” oyundan ibarətdir.
“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.