“Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua, “qaymaqlılar”ın ukraynalı ehtiyat qapıçısı Andrey Luninlə münasibətindən söhbət açıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, belçikalı qapıçının bu barədə fikrini təqdim edir:
“Mən ona kömək etməyə çalışıram. O isə məni daha yaxşı olmağa və nəyə qadir olduğumu göstərməyə sövq edir. Eynilə digər komanda yoldaşları kimi. Bu, asan deyil, çünki Lunin son vaxtlar çox oynayırdı, amma Andrey əla qapıçıdır və o, şübhəsiz ki, bizə kömək etməyə davam edəcək”, deyə Kurtua vurğulayıb.
Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.
“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 11 oyun keçirib, 8 qol buraxıb, 4 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 246 oyun, 227 buraxılmış qol buraxıb və 100 “quru” oyundan ibarətdir.
“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.



