Tibo Kurtua və Karlo Ançelottidən Ter Ştegenə dəstək

“Real”ın qapıçısı Tibo Kurtua Madrid təmsilçisinin əzəli rəqibi “Barselona”nın ağır zədə alan qapıçısı Mark-Andre ter Ştegeni dəstəkləyib.

Arena.az xəbər verir ki, belçikalı futbolçu, dizindən aldığı zədə səbəbindən mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üzləşmiş alman qolkiperə dəstək ismarışı göndərib:

“Mən, sənin zədə aldığın üçün təəssüflə acıyıram. Sənin, meydanı belə tərk etməyini görmək çox ağrılı idi. Ümidvaram ki, tezliklə sağalacaqsan və səni yenidən qapılarda görəcəyik”.

“Real”ın baş məşqçisi Karlo Ançelotti də Mark-Andre ter Ştegenə dəstək nümayiş etdirib. İtalyan mütəxəssisin zədələli alman qapıçıya dəstək ismarışını təqdim edirik:

“Bildirmək istəyirəm ki, dünyanın ən yaxşı qapıçılarından biri olan Ter Ştegen kimi əlamətdar futbolçunun zədələnməsinə çox təəssüflənirəm. Ümidvaram ki, o, mümkün qədər tez sağalacaq”.

Xatırladaq ki, təcrübəli qapıçı “Barselona”nın İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub etdiyi səfər oyununda ağır zədələnib. Onun mövsümün sonunadək sıradan çıxdığı bildirilir.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ter Ştegen “blauqrana” üçün 7 oyun keçirib, 7 qol buraxıb, 1 oyunda “çərçivəsini” qoldan qoruya bilib.

Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 420 oyuna çıxıb, 412 qol “yeyib” və 175 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 42 oyuna 50 qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.