Türkiyənin “Konyaspor” klubu heyətini 3 yeni futbolçu – Tineyc Hadebe, Anderson Nyanqbo və Buli Sambu ilə gücləndirib.
Arena.az xəbər verir ki, Tineyc Hadebe ABŞ klubu “Hyuston”dan azad agent kimi keçdiyi Konya təmsilçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı mərkəz müdafiəçisi yeni komandasında 15 nömrəli formanı geyinəcək.
Hadebe peşəkar karyerasına Zimbabvenin “Bantu” klubunda başlayıb. O, “Haylenders”, “Çikken İnn”, “Kayzer Çifs” kimi klubların da formasını geyinib. 2019-2021-ci illərdə Türkiyədə “Yeni Malatyaspor”un da uğurları üçün çalışmış Hadebe, son olaraq formasını geyindiyi “Hyuston”da 56 oyuna 3 qol vurub, 1 assistlə yadda qalıb. Müdafiəçi Zimbabve yığmasında 32 oyun keçirib, 4 qola imza atıb.
Belçikanın “Gent” klubunun hücumameyilli yarımmüdafiəçisi Anderson Nyanqbo da Super Liqa təmsilçisi ilə cari mövsümün sonuna kimi anlaşıb. Kot-d’İvuardan olan 24 yaşlı futbolçu yeni klubunda 7 nömrəli formanı geyinəcək.
Nyanqbo peşəkar karyerasına “Liferinq”də başlayıb. O, “Volfsberger”, “Zalsburq”, “Şturm Qraz”, “Aktobe” kimi klublarda da oynayıb. 2020-ci ildən “Gent”də olan futbolçu Belçika klubunun heyətində cəmi 33 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Kot-d’İvuarın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Nyanqbo əsas millidə debüt şansı qazanmayıb.
Seneqaldan olan Buli Junior Sambu isə Mərakeşin “Vidad” klubundan azad agent kimi “Konyaspor”a keçib. 25 yaşlı hücumçu Türkiyə klubu ilə 2,5 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə bağlayıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.
Karyerasına Seneqalın “Jaraaf” klubunda başlamış Sambu, 2022-ci ildən formasını geyindiyi “Vidad”da 64 oyuna 25 qol vurub, 4 assistlə yadda qalıb. O, Seneqal yığmasında da 1 oyun keçirib.
“Konyaspor”da 2 ayrılıq
“Konyaspor” hücumçusu Emrehan Gediklini Super Liqanın digər təmsilçisi “İstanbulspor”a icarəyə verib. 20 yaşlı forvardın bu mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb.
Almaniyanın “Bayer” klubunun yetirməsi olan Emrehan, “Trabzonspor” və “Austriya”da (Lustenau) da forma geyinib. O, 2023-cü ilin sentyabr ayında qoşulduğu “Konyaspor”da 7 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
“Konyaspor” Xorvatiyadan olan sağ cinah vingeri Robert Muriçlə də yollarını ayırıb. 27 yaşlı futbolçu azad agent kimi Türkiyə klubundan ayrılıb və hazırda özünə yeni iş yeri axtarışındadır.
Muriç 2022-ci ildən formasını geyindiyi “Konyaspor”da 53 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Riyeka”, “Peskara” və “Ayaks”da da oynamış yarımmüdafiəçi, Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının da formasınıg geyinib.