Futbol üzrə Belçika yığmasının müdafiəçisi Tobi Alderveyreld Qətərin “Əl-Duhail” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonrakı karyerasını öz ölkəsində davam etdirəcək.
Belə ki, təcrübəli müdafiəçi “Antverpen”lə (“Royal Antverp”) anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. Futbolçunun yeni komandasında 23 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Tobi Alderveyreld 2021-ci ilin iyul ayından “Əl-Duhail”də forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 27 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
18 il sonra ölkəsinə dönən Tobi, peşəkar karyerasına Niderland “Ayaks”ında başlayıb. O, daha sonra “Atletiko” (Madrid), “Sauthempton” və “Tottenhem” komandalarında da forma geyinib. Belçika yığmasında 121 matça çıxmış müdafiəçi, 5 qol da vurub.