Hazırda “Antverpen” klubunun formasını geyinən müdafiəçi Tobi Alderveyreld Belçika milli komandasındakı karyerasını bitirdiyini elan edib. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
“Hamınıza təşəkkür edirəm” deyən belçikalı müdafiəçi, milli komandadakı ən gözəl anlarını əks etdirən video yayımlayıb.
Xatırladaq ki, Tobi Alderveyreld 2009-cu ilin 29 mayında debüt etdiyi Belçika milli komandasında bütövlükdə 127 oyun keçirib. O, bu görüşlərdə 6 qola da imza atıb. Təcrübəli futbolçu yığmanın heyətində üç dünya və iki Avropa çempionatında çıxış edib.
2022-ci ilin iyul ayından “Antverpen”də forma geyinən Alderveyreld, daha öncə “Əl-Duhail”, “Tottenhem”, “Sauthempton”, “Atletiko” (Madrid) və “Ayaks” kimi klubların da formasını geyinib.


