“Çelsi”nin əsas ortaq sahibi, amerikan iş adamı Todd Bouli “Clearlake Capital”ın səhmlərini almağa və klubun əsas rəhbəri olmağa hazırdır.
Arena.az bu barədə “Telegraph” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Bouli London klubunun 61,5% səhm payını “Clearlake Capital” şirkətindən satın almaq məqsədilə 2,5 milyard funt-sterlinq məbləğində pul vəsaiti tapa biləcəyinə inanır. Öz növbəsində bu şirkət, payını satmaq istəmir və onu artırmağa üstünlük verir.
Vurğulanır ki, bir sıra sərmayədarlar amerikan iş adamını dəstəkləməyə hazırdırlar. Çünki onun “zadəganlar”in inkişafı ilə bağlı uzunmüddətli planı, eləcə də “Çelsi” üçün yeni stadion tikmək fikri var.
Xatırladaq ki, daha əvvəl mətbuatda, “Çelsi” rəhbərliyində ikitirəlilik düşdüyü haqda məlumat yayılmışdı. “Çelsi”nin həddindən artıq böyük xərclərinin əhəmiyyətli nəticələrə gətirib çıxarmadığı bir mənzərədə klubun ortaq sahibləri Todd Bouli və Behdad Eqbali arasında münasibətlərin pisləşdiyi bildirilir.
Əvvəllər mətbuatda, bu ortaq mülkiyyətçilərin idarə heyətinin sədrinin vəzifələrinin hər beş ildən bir ötürülməsi ilə bağlı müqavilə bağladıqları barədə məlumat yayılmışdı. Bouli bu vəzifəni 2027-ci ilə qədər saxlayacaq. Sonra onu ya Behdad Eqbali, ya da “Clearlake Capital”ın rəhbərlərindən digər biri olan Xose Felisiano əvəz edəcək.