Tokio-2020: Azərbaycan ikinci medalını təmin etdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən Alfonso Dominqes növbəti döyüşünə çıxıb.

81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz, 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominqes yarımfinala yüksəlib.

İlk raundda 5 hakimdən 3-ü Malkanın, digər ikisi isə Dominqesin lehinə qərar verib. 2-ci və 3-cü raundda isə bütün hakimlər Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissənin sonunda türkiyəli boksçu noqdauna düşüb.

Bu qələbə sayəsində Azərbaycan boksçusu ən azı bürünc medalı özü üçün təmin edib. O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq.

Xatırladaq ki, Alfonso Dominqes ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetova qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycanın Olimpiadakı ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.