Tokio-2020: Azərbaycana ilk medalı Kindzerska qazandırdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən daha iki cüdoçumuz mübarizəyə qoşulub.

100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Uşangi Kokauri 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu raundda braziliyalı Rafael Silva ilə qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri Olimpiada ilə vidalaşıb.

78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz İrina Kindzerska isə 1/8 finalda Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. O, bu raundda Cənubi Koreya təmsilçisi Min-Cin Hanla qarşılaşıb. Cüdoçumuz bu rəqibinə ipponla qalib gəlib və yarımfinala yüksəlib. Finala gedən yolda yaponiyalı Akira Sone ilə qarşılaşan İrina, ipponla məğlub olub. Bu üzdən Kindzerska bürünc medal uğrunda görüşə qatılıb. Çinli Şiyan Xu üzərində ipponla qələbə qazanan ukraynalı legionerimiz, bürünc medal qazanıb. Bu, Azərbaycanın Tokio Olimpiadasında ilk medalıdır. Eyni zamanda Kindzerska bu Olimpiadada Azərbaycanın cüdo növündə yeganə olimpiya medalının sahibi olub.

Qeyd edək ki, cüdoçulardan daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməmişdi. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutmuşdu.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.