Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən boksçulardan Cavid Çələbiyev növbəti döyüşünə çıxıb.
63 kq-da çıxış edən 2013-cü ilin dünya çempionu 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu və Minsk-2019 II Avropa Oyunlarının qalibi Ovanes Baçkovla üz-üzə gəlib. İlk raundda fəal təsir bağışlayan Çələbyev rəqibinə ardıcıl zərbələr endirib. Bunun nəticəsində 29 yaşlı idmançı fasiləyə 4:1 hesablı üstünlüklə çıxıb.
İkinci raundda Baçkov vəziyyəti bərabərləşdirməyə çalışıb. Bunun nəticəsində 5 hakimin hamısı onun üstünlüyünü qeydə alıb.
Üçüncü raundda Çələbiyev yorğun təsir bağışlayıb. Zərbələrin intensivliyinin azaldığı hissənin qalibi Ermənistan təmsilçisi olub – 4:1.
Beləliklə, Azərbaycan boksçusu 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlmiş və 5:0 hasabı ilə üstün olmuşdu.
Qeyd edək ki, Cavid Çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub. Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.