Tokio-2020: Hacı Əliyev gümüş, Mariya Stadnik bürünc medal qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş üzrə yarışlar davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi Olimpiadada medal uğrunda mübarizə aparıb.

Şərif Şərifov əvvəlcə təsəlliverici görüşə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib. 7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda kubalı Reyneris Salas Pereslə üz-üzə gəlib.Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Son xal prinsipinə əsasən rəqibinə məğlub olan Şərifov olimpiadada 5-ci olub.

Digər sərbəst güləşçimiz Hacı Əliyev isə final görüşünə çıxıb. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib. Rəqibinə 4:5 hesabı ilə məğlub olan Əliyev gümüş medalla kifayətlənib.

Qadın güləşçimiz Mariya Stadnik isə birbaşa bürünc medal uğrunda görüşə çıxıb. 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı monqolustanlı Namuuntsetseq Tsoqt Oçir ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Stadnik ikinci dəfə olimpiadalarda bürünc medal qazanıb.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.