Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən boksçulardan Məhəmməd Abdullayev ikinci görüşünə çıxıb.
91 kq-dan yuxarı çəki dərəcəsindəki 1/8 final qarşılaşmasında rəqib özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov olub. İlk raudda 5 hakimin hamısı Jalolovun üstün döyüşdüyü qənaətinə gəlib. İkinci raundun sonlarında Abdullayev noqdauna düşsə də, görüşü davam etdirib. Bu dəfə də referilər özbəkistanlı boksçuya daha çox xal veriblər. Üçüncü raundda Azərbaycan boksçusu dönüş etmək istəsə də, səyləri nəticə verməyib. Beləliklə, üçüncü raundda da Jalolova uduzan Abdullayev 0:5 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


