Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Arena.az xəbər verir ki, yunan-Roma güləşçimiz Rafiq Hüseynov bu gün növbəti sınağına çıxıb.
O, ötən gün 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) uduzmuşdu. Qırğızıstan idmançısı finala kimi irəlilədiyindən, Hüseynovun bürünc medal qazanmaq şansı yaranmışdı. O, bu gün təsəlliverici görüşdə Lamjed Maafi (Tunis) ilə qarşılaşıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Tunis təmsilçisinə 11:1 hesabı ilə qalib gəlib. Nəticədə Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olub. Bu rəqibinə də 4:1 hesabıyla qalib gələn 33 yaşlı pəhləvan bürünc medalı qazanıb.
Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalıdır. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqes (81 kq) bürünc medala sahib çıxmışdı.
Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanır. O, əvvəllər iki dəfə – 2011 və 2020-ci illərdə Avropa çempionu olub, 2019-cu ildə isə dünya çempionatının gümüş medalını əldə edib. Güləşçimiz 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının da qalibi olub.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.