Tokio-2020: Rostislav Pevtsov yenə Azərbaycana uğur qazandıra bilmədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında triatlon yarışlarına start verilib. Arena.az xəbər verir ki, Azərbaycanı Olimpiadada təmsil edən triatlonçumuz Rostislav Pevtsov da mübarizəyə qoşulub.

34 yaşlı idmançı əvvəlcə 1500 metr məsafəyə üzgüçülük yarışına qatılıb. O, mərhələni 19.06 dəqiqəyə 45-ci pillədə bitirib.

Daha sonra Pevtsov velosiped sürmə yarışında qüvvəsini sınayıb. Təmsilçimiz 40 km-lik finişi 42-ci keçib. İlk iki mərhələnin yekununda ukraynalı legioner 1 saat 17 dəqiqə 19 saniyə nəticə göstərib.

Pevtsov həlledici mərhələ – 10 km məsafəyə qaçışda da 41-ci olub. Azərbaycan triatlonçusu velosipedsürmə, üzgüçülük və qaçış hərəkətlərinin cəmində 1 saat 50 dəqiqə 46 saniyə nəticə ilə 41-ci yeri tutub.

Olimpiya çempionu adını norveçli Kristian Blummenfelt 1 saat 45 dəqiqə 4 saniyə nəticə ilə qazanıb. Finişə ondan 11 saniyə gec çatan böyük britaniyalı Aleks Yi gümüş, liderdən 20 saniyə geri qalan yeni zelandiyalı Hayden Vilde bürünc medal əldə edib.

Qeyd edək ki, bu, Rostislav Pevtsovun ikinci olimpiadası olub. O, Rio-2016-da 39-cu yeri tutmuşdu.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: